Milli Kitabxanada Miroqtay Mirbabayevin kitabının təqdimatı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü Miroqtay Mirbabayevin yeni nəşr edilən “Алиевская сталь: пришел, освободил, победил!” (Əliyev poladı: gəldi, azad etdi, qələbə çaldı!) kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitab haqqında qısa məlumat verərək, əsərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və möhtəşəm tarixi Qələbəyə gedən yolun işıqlandırıldığını, rus dilində olan əsərdə müharibə haqqında məlumatların xronoloji ardıcıllıqla təqdim edildiyini qeyd edib.
Professor Kərim Tahirov oxucuların istifadəsinə verilən bu kitabın dünya milli kitabxanalarına göndəriləcəyini və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.
Miroqtay Mirbabayev bildirib ki, kitabdakı hadisələri şəxsi müşahidələri əsasında qeydə alıb. Müəllif kitabda üç tarixi dövrün - Qələbə, Zəfərin birinci ildönümü və Prezident İlham Əliyevin 60 illik yubileyinin əhatə olunduğunu vurğulayıb.
Sonda müəllif tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək kitabını Milli Kitabxanaya hədiyyə edib.