MİLLİ KULİNARLARIMIZ GÖRDÜKLƏRİ İŞLƏRLƏ QÜRUR DUYMAĞA TAM HAQLIDIRLAR
Tədbirdə ölkəmizin məşhur kulinarları, elm, mədəniyyət və ictimai xadimləri ilə birlikdə Bakıdakı uşaq evlərinin sakinləri də iştirak etmişlər. Qonaqlar əvvəlcə kulinariya incəsənəti sərgisi ilə tanış olmuş, mərkəzin fəaliyyətini əks etdirən fotosənədlər, mükafatlar guşəsinə tamaşa etmişlər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov tədbiri açaraq dedi ki, mərkəz milli mətbəx mədəniyyətimizin öyrənilməsi, təbliği ilə məşğul olur, ölkəmizin aparıcı kulinarlarını, alim və mütəxəssislərini öz ətrafında birləşdirir. Mərkəzə dövlət qayğısının əyani nəticəsi olaraq, qurum 1997–ci ildən ayrıca maddə ilə dövlət büdcəsindən maliyyələşdirilir və hazırda Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir.
AMKM 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB), 1998–ci ildən isə YUNESKO–nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür. Qurumun komandaları ÜKTB-nin himayəsi altında Malta, Koreya, Sinqapur, Rusiya, Almaniya, Avstriya, Norveç, İngiltərə, Çexiya, Malayziya, ABŞ və s. ölkələrdə keçirilən kulinariya çempionatı və olimpiadalarından Vətənimizə qızıl, gümüş, bürünc medallar, mükafatlar gətirmiş, bir çox məmləkətlərdə Azərbaycan mətbəxi günləri keçirmişdir. Mərkəzin mütəxəssisləri bir sıra beynəlxalq kulinariya yarışlarında hakimlik etmişlər.
Ermənilərin mətbəximizin bir çox ən qədim, hamımıza doğma olan xörəklərinə sahib çıxmaq istəyi elə tutarlı dəlillərlə rədd edilmişdir ki, onlar artıq ölkəmizin iştirak etdiyi beynəlxalq tədbirlərdə görünməyə cəsarət etmirlər.
Mərkəz bu işlərlə yalnız milli mətbəx mədəniyyətini deyil, həm də Azərbaycan həqiqətlərini dünyada təbliğ etməyə nail olmuş, fəaliyyəti tanınmış şəxslərin diqqətini çəkmiş, komanda üzvləri Maltanın Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna və s. dövlət xadimləri tərəfindən şəxsən qəbul edilmişdir.
AMKM Azərbaycanı dünyada yeni qida nəzəriyyəsinin banisi kimi tanıdıb. Mütəxəssislərimizin xarici ölkələrin ali məktəblərində, beynəlxalq konfranslarda elmi mühazirələri maraqla qarşılanmışdır.
Qeyd edilmişdir ki, “Kulina” jurnalı Azərbaycanda ilk və yeganə peşəkar elmi-praktiki nəşr olaraq kulinariyamızın tarixini, mətbəx, qida, restoran biznesi, kütləvi iaşə, sosial qidalanma məsələlərini öz səhifələrində ardıcıl əks etdirir.
“Kulina” jurnalının indiyədək 27 nömrəsi, o cümlədən yapon və rus dillərində 3 xüsusi buraxılışı çap edilmişdir. Gələn il Ukrayna dilində xüsusi buraxılışın çap edilməsi nəzərdə tutulur.
Milli mətbəximizin dünyada təbliği üçün əvəzsiz xidmətlər göstərən Oqtay Cəfərovun ünvanına da xoş sözlər söyləndi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, tanınmış modelyer Fəxriyyə Xələfovanın və digər natiqlərin çıxışlarında kollektivin gördüyü işlər yüksək qiymətləndirilmişdir.
Səbəbkarlara hədiyyələr təqdim edildi. “İmproteks” distrübiter mərkəzinin uşaq evlərinə bağışladığı iki rəngli televizor isə bu tədbiri rəngarəng rəqsləri ilə rövnəqləndirən balacalara sevinc bəxş etdi. Təbriklərdən, musiqiçilərin çıxışlarından sonra mərasim iştirakçıları kulinarlarımızın hazırladıqları dadlı, ləziz yeməklərdən nuş etdilər, xalqımızın mətbəx mədəniyyətinin zənginliyinə bir daha əyani şahid oldular.