MİLLİ MƏCLİS BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏRİ MÜZAKİRƏ ETMİŞDİR
Milli Məclisin dekabrın 3-də keçirilmiş ümumi iclasında bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr müzakirə olunmuşdur. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi ilə bağlı məlumat verərək bildirdi ki, xarici sərmayələrin qorunması haqqında qanuna, Vergi Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər edilməlidir. Yeni qanun layihəsinə görə, əcnəbi işçilər pul vəsaitini Azərbaycan Respublikası Milli Bankının müəyyənləşdirdiyi qaydaya əsasən köçürə bilərlər.
Digər mühüm qanun layihəsi “Kommersiya sirri haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Statistika haqqında” Qanunda dəyişikliklər edilməsini nəzərdə tutur.
“Antiinhisar fəaliyyəti haqqında” Qanunda da əhəmiyyətli dəyişikliklər edilmişdir. Qanunvericilik aktının yeni redaksiyasında konkret göstərilir ki, antiinhisar qanunvericiliyi “Təbii inhisar haqqında” və “Ədalətsiz rəqabət haqqında” qanunlardan ibarətdir. Təsərrüfat subyektləri yaradılarkən və ləğv edilərkən, onların arasında bağlanmış müqavilələr həyata keçirilərkən antiinhisar qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti qaydaları da müəyyən edilir.
Sonra deputatlar “Tütün və tütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” qanunlara, “Bələdiyyələrin su təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar Su Məcəlləsinə dəyişiklikləri və əlavələri nəzərdən keçirərək təsdiq etdilər.