MİLLİ MƏCLİS VERGİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Sonra gündəlikdəki birinci məsələ - “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu qanun dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vəzifə maaşının, ona əlavələrin, mükafatların və digər təminatların vahid prinsip əsasında müəyyənləşdirilməsini tənzimləyəcəkdir. Sənədə görə, dövlət orqanlarında çalışan işçinin əlavə iş vaxtı 5 saatdan artıq olarsa, həmin dövlət qulluqçusuna saatlıq vəzifə maaşının iki misli məbləğində əlavə haqq ödənilməlidir. Kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə göndərilən pedaqoji kadrlara 3 il müddətində hər ay şərti maliyyə vahidinin 10 misli məbləğində əlavə ödəniş verilməlidir. Gənc mütəxəssislərin maliyyə təminatı isə şərti maliyyə vahidinin 40 misli məbləğində birdəfəlik olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödəniləcəkdir.
Vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat vermişdir. O demişdir ki, Məcəlləyə əsasən dörd istiqamətdə dəyişikliklər nəzərdə tutulur. Bunlar vergi siyasətinin təkmilləşdirilməsinə, vergi inzibatçılığının müasirləşdirilməsinə, vergi nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edir, bir neçəsi isə redaktə xarakterlidir.
Müzakirələr zamanı deputatlar və dəvət olunmuş mütəxəssislər qanun layihələri barədə fikirlərini açıqlamış, rəy və təkliflərini bildirmişlər.
İclasda, həmçinin Mərkəzi Seçki Komissiyası üzvlərinin seçilməsi məsələsinə baxılmışdır. Ümid Partiyasının üzvü Akif Qurbanov, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Almas Qəhrəmanlı və Ədalət Partiyasının üzvü Oqtay Hümbətli MSK-nın üzvləri seçilmişlər.
Fasilədən sonra “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılmışdır. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, Azərbaycan bu Sazişə qoşulmaqla elm, təhsil, mədəniyyət, arxiv işi, informasiya və kütləvi kommunikasiya vasitələri, idman, turizm və gənclərlə iş sahələrində daha geniş əlaqələr qurmaq imkanı əldə edəcəkdir. Lakin bu Sazişin müddəaları Ermənistanla münasibətdə tətbiq olunmayacaqdır və Azərbaycan Respublikası həmin Sazişə qeyd-şərtlə qoşulur.
Müzakirələr zamanı deputatlar sənədin əhəmiyyətindən danışmış, onun ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirmişlər.
Sonra Azərbaycanın da qoşulduğu “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatlarında dəyişikliklər edilməsi barədə” qanun layihəsinə baxılmışdır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirmişdir ki, mövcud qanuna əsasən uşaqların övladlığa götürülməsinə nəzarəti Ədliyyə Nazirliyi həyata keçirirdi. İndi bu səlahiyyət nazirlikdən alınır. Dövlət başçısının müvafiq sərəncamı ilə bu vəzifə başqa bir icra hakimiyyəti orqanına həvalə ediləcəkdir. Hələlik isə uşaqların övladlığa verilməsinə nəzarət yalnız məhkəmələr tərəfindən həyata keçiriləcəkdir.
Qanun layihələri səs çoxluğu ilə təsdiqlənmişdir.
Daha sonra “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov demişdir ki, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, elektrik enerjisindən, qazdan istifadə qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Cinayət Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Bəzi deputatlar elektrik enerjisi, qaz və sudan istifadəyə görə cəza tədbirlərinin sərtləşdirilməsinin əleyhinə çıxış etmişlər.
Bu qanun layihəsi ilə bağlı müzakirələr Milli Məclisin növbəti iclasında davam etdiriləcəkdir.