MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Oqtay Əsədov demişdir ki, Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və biz bu ölkə ilə münasibətlərimizin genişlənməsində maraqlıyıq.
Milli Məclisin sədri ölkələrimiz arasındakı dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini söyləmiş, əlaqələrimizin genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Sədr bildirmişdir ki, qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Biz bundan səmərəli istifadə edib münasibətlərimizi daha da genişləndirməliyik. Ümid edirik ki, bu səfərdən sonra parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əlaqələrimiz daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Milli Məclisin sədri onu da bildirmişdir ki, Bolqarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür və 2007-ci ildən Avropa İttifaqına sədrlik edəcəkdir. Avropa strukturlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir və buna görə də Bolqarıstanın təcrübəsini öyrənmək bizim üçün çox vacibdir.
Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərdə ölkəmizin haqq işini dəstəklədiyinə görə, Bolqarıstan dövlətinə və parlamentinə minnətdarlığını bildirmişdir.
Solomon Passi onlara göstərilən qonaqpərvərliyə görə, Milli Məclisin rəhbərinə minnətdarlığını bildirmiş, ölkəsinin parlament sədrinin salamlarını Oqtay Əsədova çatdırmışdır. Bildirmişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir. Əlaqələrimizin inkişafı istiqamətində son zamanlar atılmış addımlar da Bolqarıstanda yüksək qiymətləndirilir. Azərbaycana səfərdən məqsəd münasibətlərimizi daha genişləndirmək və möhkəmləndirmək üçün məsləhətləşmələr aparmaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.