MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Valeh Ələsgərov qonaqları səmimi salamlamış və Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyasından, əldə olunan nailiyyətlərdən söz açmışdır. O bildirmişdir ki, ölkələrimizin iştirakı ilə həyata keçirilən iri enerji layihələri Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açmışdır. Bu gün Azərbaycan Qərbin enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan birinə çevrilmişdir. Bu ilin sonunadək istifadəyə veriləcək Bakı–Tbilisi–Ərzurum qaz kəməri də Qərbin enerji problemlərinin həllinə töhfə verəcəkdir. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunda, neftin hasilatı və nəqli prosesində Türkiyə şirkətlərinin fəal iştirakı bizi sevindirir. Ümid edirik ki, iqtisadi, eləcə də digər sahələrdə əlaqələrimiz bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Komissiyanın sədri, TBMM-in üzvü Nurəddin Canikli səmimi görüş və ətraflı məlumata görə təşəkkür etmişdir. O bildirmişdir ki, səfərdən məqsəd Azərbaycanda çalışan türk şirkətlərinin fəaliyyəti ilə maraqlanmaq, onlara lazımi kömək göstərmək, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə aydınlıq gətirilmiş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.