MİLLİ MƏCLİSDƏ QƏBUL
İyulun 13-də Milli Məclisin sədri Murtuz Ələsgərov Belçika, İsveç, İsveçrə, Kot-d İvuar və Koreya Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul etmişdir.
Murtuz Ələsgərov diplomatları səmimiyyətlə salamlayaraq, etimadnamələrini Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etmələri münasibətilə onları təbrik etdi və fəaliyyətlərində uğurlar arzuladı.
Milli Məclisin sədri səfirlərə ölkəmizdə uğurla aparılan siyasi və iqtisadi islahatlar, Azərbaycan parlamentinin qanunvericilik və qanun yaradıcılığı sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verdi.
Parlamentin sədri ölkəmizin mötərəbər beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Avropa Parlamentinə, İslam Konfransı Təşkilatına və digər təşkilatlara inteqrasiyası prosesindən danışaraq. O dedi ki, Prezident Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu ilbəil artır. ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa kimi inkişaf etmiş ölkələr və digər dövlətlər respublikamıza böyük maraq göstərir, onların tanınmış şirkətləri Azərbaycan iqtisadiyyatına iri məbləğdə sərmayə qoyurlar.
Murtuz Ələsgərov dedi: Təəssüf ki, ölkəmiz öz inkişafı yolunda maneələrlə qarşılaşmışdır. Bunlardan başlıcası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan artıq vətəndaşımız qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan tərəfi münaqişənin dincliklə nizama salınmasına dair danışıqlarda qeyri-konstruktiv mövqedən çıxış edir. Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti bu təşkilatın Parlament Assambleyasının sessiyalarında ermənilərin işğal olunmuş ərazilərdə narkotik bitkilər əkdiyi barədə faktlarla dəfələrlə çıxış etmiş və bildirmişdir ki, narkotik vasitələrin satışından əldə edilən vəsait terror təşkilatlarının maliyyələşdirilməsinə yönəldilir. Milli Məclisin sədri səfirlərin bütün bu faktları dünya ictimaiyyətinə çatdırmasının vacibliyini xüsusi vurğuladı.
İsveçin səfiri xanım Anne Dismorr səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Cənubi Qafqaz regionunda, xüsusən Azərbaycanda fəal təmsil olunmaq barədə öz ölkəsinin rəhbərliyinin rəyini açıqladı.
Kot-d İvuarın səfiri Jan Klod Kaluce qaçqınlar probleminin ağır sosial-iqtisadi nəticələri barədə deyilənlərlə razılaşaraq bildirdi ki, onun ölkəsində də etnik münaqişə ucbatından öz doğma evlərini tərk etmiş insanlar var.
Belçika səfiri Yan Mattisen dedi ki, o, Azərbaycanın problemləri barədə öz ölkəsinin rəhbərliyinə məlumat verəcəkdir. Cənab Mattisen həmçinin bildirdi ki, Belçika hökuməti ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə fəal iştirak etmək niyyətindədir.
Koreya Xalq Demokratik Respublikasının səfiri Li Çxor Qvan vurğuladı ki, onun ölkəsində Azərbaycanın tərəqqisinə bələddirlər və Prezident Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirirlər.
Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.