MİLLİ MƏCLİSDƏ QƏBUL
Dekabrın 10-da Milli Məclisin sədri Murtuz Ələsgərov İtaliyanın əmək və sosial siyasət naziri Roberto Maronini və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Milli Məclisin sədri qonaqları səmimiyyətlə salamlayaraq, bu səfərin və İtaliya nümayəndə heyətinin üzvləri ilə Bakıda keçirilmiş görüşlərin əhəmiyyətini vurğuladı. O dedi ki, Azərbaycan rəhbərliyi dünyanın aparıcı ölkələrindən biri olan İtaliya ilə əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Prezident Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərindən sonra dövlətlərimiz arasında münasibətlər daha dinamik olmuşdur. Həmin səfər zamanı imzalanmış sənədlər qarşılıqlı surətdə faydalı əməkdaşlığın hüquqi əsasını qoymuşdur. Milli Məclisin sədri ölkələrimizin parlamentləri arasındakı əlaqələri səmimi və konstruktiv əlaqələr kimi qiymətləndirdi.
Parlament rəhbəri Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan siyasi, iqtisadi və sosial islahatlar barədə məlumat verərək bildirdi ki, bunların həyata keçirilməsi yolunda başlıca maneə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Çünki onun nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal olunmuşdur. Xalqımızın tarix və mədəniyyət abidələri məhv edilmişdir. Ermənilər BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması barədə tələblər olan dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə indiyədək məhəl qoymurlar. Murtuz Ələsgərov Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsində İtaliyanın tutduğu mövqeyi yüksək qiymətləndirdi.
Roberto Maroni Azərbaycanda keçirdiyi görüşlər, imzalanmış niyyət protokolu barədə məlumat verərək dedi ki, indi Azərbaycanda mütərəqqi sosial siyasət aparılır. Bu baxımdan o, nazirliklər arasında fikir mübadiləsinin vacibliyini xüsusi vurğuladı. Nazir bildirdi ki, Avropa Birliyinin üzvü kimi İtaliya gələn ilin ikinci yarısından bu təşkilatda sədrlik edəcəkdir. Bununla əlaqədar onun ölkəsi müxtəlif münaqişələrin nizama salınması ilə daha fəal məşğul olacaqdır. O ki qaldı Dağlıq Qarabağ probleminə, onun dediyi kimi, İtaliya Azərbaycanın ərazi bütövlüyünü gözləmək şərtilə, münaqişənin dincliklə həllinə tərəfdardır.
Qəbulda İtaliyanın Bakıdakı səfiri xanım Marqarita Kosta iştirak edirdi.