MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASININ İCLASINDA
Komissiyanın sədri Asya Manafova gündəlikdəki “Azərbaycan Respublikasında Pirsaat neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Şenq Li Oylfild Şenq Da Qrup Kompani və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi barədə məlumat verdi. O dedi ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 may tarixli Sərəncamına uyğun olaraq bu ilin iyun ayında imzalanmışdır. Müqavilə 25 il müddətinə imzalanmışdır. Pirsaat neft yatağı 1985-ci ildə istifadəyə verilmişdir, istehsal fondunda 25 quyu var. Hazırda 10 quyu işləyir və onlardan ildə 4,8 min ton neft hasil olunur. Yataqda 1,5 milyon ton neft olacağı proqnozlaşdırılmışdır.
Layihədə pay bölgüsü ilə bağlı hissədə deyilir ki, payın 20 faizi ONŞ-ə, 50 faizi Şenq Li Oylfild Şenq Da Qrup Kompani şirkətinə, 30 faizi isə yeni podratçı tərəflərə məxsus olacaqdır. Əgər podratçı təşkilatlar olmazsa, 30 faiz də hissə-hissə çinlilərə veriləcəkdir.
Sonra isə gündəlikdə duran digər məsələlər - “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunların qüvvədən düşmüş hesab edilməsi barədə” və “Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur.
Hər üç layihənin parlamentin müzakirəsinə çıxarılması qərara alınmışdır.