MİLLİ MƏCLİSİN DEPUTATLARI AŞPA-NIN YAY SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 22-də Fransanın Strasburq şəhərinə səfərə yola düşəcəklər. İyunun 23-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov da Azərbaycan parlamentinin nümayəndə heyətinə qoşulacaqdır.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Avropada demokratiyanın durumu, müxtəliflik və miqrasiya məsələlərinə baxılacaq, Azərbaycanda, Türkiyədə, həmçinin Avropada demokratik təsisatların fəaliyyətinə nəzər salınacaq, pedaqoji təhsil vasitəsilə demokratiya və insan hüquqları mədəniyyətinin təşviqinə dair fikir mübadiləsi aparılacaqdır. Gürcüstanda və Makedoniyada parlament seçkilərinin müşahidəsinin nəticələri barədə Assambleya Bürosunun hesabatı dinləniləcək, Ermənistanda vəziyyətlə bağlı təcili müzakirələr olacaqdır.
Tədbirdə Qara dənizdə ətraf mühitin korlanmasına qarşı mübarizə, Çindəki durum üzrə ümumi siyasət və Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi və Cənub-Şərqi Avropaya diqqət yönəltməsi məsələləri də müzakirə olunacaqdır.
AŞPA-nın yay sessiyasında deputatlarımız müzakirə olunan məsələlərə münasibətdə Azərbaycanın mövqeyini bildirəcəklər.
Səfər iyunun 29-da başa çatacaqdır.