CƏMİYYƏT
Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası Neftçala rayonunda humanitar aksiya keçirmişdir
Neftçala, 13 iyun (AZƏRTAC). Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası növbəti humanitar aksiyanı Neftçala rayonunda keçirmişdir.
AZƏRTAC xəbər verir ki, hər cür zəruri tibbi avadanlıqla təchiz edilən səyyar diaqnostika kompleksində mamoloq, ginekoloq, nefroloq və digər tibb personalından ibarət həkim briqadası müraciət edənlərin profilaktik müayinəsini aparmışdır.
Müayinələrin əsas məqsədi onkoloji xəstəlikləri daha erkən aşkarlamaq və müalicəyə cəlb etmək olmuşdur.
Həkim briqadasına müraciət edən 461 nəfər müayinədən keçirilmişdir. Xəstələrin bir qisminə tibbi məsləhətlər verilmiş, bəziləri isə daha ətraflı müayinə üçün respublikanın müvafiq elimi -tədqiqat institutlarına göndəriş almışdır.
Mərkəzin əməkdaşları rayon ictimaiyyətinin iştirakı ilə Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində seminar keçirmişlər.
Tədbirdə respublikanın baş onkoloqu Azad Kərimli ”Onkoloji xəstəliklərin erkən araşdırılmasının əhəmiyyəti” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, dövlətimizin başçısının əhalinin sağlamlığı ilə bağlı qarşıya qoyduğu vəzifələr Onkoloji Mərkəz tərəfindən ardıcıl icra olunur. Bu cür humanitar aksiyalar da həmin məqsədlə təşkil edilir. Belə tədbirlər zamanı mütəxəssislər regionlarda yaşayan əhaliyə konsultativ -diaqnostik və profilaktik yardım edirlər.
Çıxış edən sakinlər rayonda səhiyyə ocaqlarının müasirləşdirilməsi istiqamətində aparılan işlərə və onların sağlamlığına göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Seminarda iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.
Milli Onkologiya Mərkəzinin Neftçalada humanitar aksiyası iki gün davam etmişdir.