MƏDƏNİYYƏT
Milli Qəhrəman Aqil Məmmədovun xatirəsi anılıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Milli Qəhrəman Aqil Məmmədovun anadan olmasının 50 illiyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Qəhrəman Aqil Məmmədovun, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov A.Məmmədovun şərəfli həyat yolundan danışıb. Onun qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyən mərkəzin rəisi bildirib ki, son 30 ildə xain ermənilər tərəfindən zorla cəlb edildiyimiz torpaq savaşında, Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən oğul və qızlarımızın sayı yüzlərlədi. Şəhidlərimiz və Milli qəhrəmanlarımızın xatirəsini yad etmək və onları gənclərə tanıtmaq hər birimizin borcudur.
Qeyd edilib ki, Qubadlı rayonunda anadan olan Aqil Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıdaraq Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla sərhəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. 1992-ci ilin avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə Aqil Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi olduğunu deyən natiq bu istiqamətdə imzalanan fərman və sərəncamların çoxsaylı ailələrə böyük sevinc bəxş etdiyini qeyd edib.
Daha sonra Aqil Məmmədova həsr olunan sənədli film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Milli Qəhrəmanın döyüş yoldaşları İntiqam Məmmədov, Dağbəyi Məhyəddinov, Adil Həşimov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbov və başqaları çıxışlarında Aqil Məmmədovun hər kəsə nümunə olan ömür yolundan bəhs edib, bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynadığını vurğulayıblar.
Sonra tədbir bədii hissə ilə davam edib.
Sonda Milli Qəhrəmanın qardaşı Elşad Məmmədov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.