MİLLİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI FORUMUNUN NÖVBƏDƏNKƏNAR VII QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) növbədənkənar VII qurultayı keçirilmişdir.
Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzülmüşdür.
Sonra onlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üstünə tər qərənfillər düzmüş, “Əbədi məşəl” kompleksi önünə əklil qoymuşlar.
Dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların təmsilçilərinin qonaq qismində qatıldığı tədbirdə Azərbaycanın dövlət himni səslənmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qurultayın işçi heyəti seçilmiş, gündəlik təsdiq edilmişdir.
MQF-nin prezidenti, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hesabat məruzəsi dinlənilmişdir.
Qurumun yaradılmasının əsas məqsədinin Azərbaycanda QHT sektorunun inkişafını dəstəkləmək, onların fəaliyyətini əlaqələndirmək, habelə qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında əməkdaşlığı möhkəmləndirmək olduğunu bildirən A.Quliyev hesabat dövründə görülmüş işlərdən söz açmışdır.
Bildirilmişdir ki, hazırda Azərbaycanda çoxlu sayda QHT fəaliyyət göstərir. Onlar ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlətin formalaşmasına, insan hüquqlarının qorunmasına, sosial və iqtisadi, o cümlədən qadınların, gənclərin, uşaqların, habelə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, elm, təhsil, mədəniyyətin inkişafına və s. yardım etməyə çalışırlar.
Ötən dövrdə üzvlərin sayı 479-a çatmış, bölgələrdə QHT-lər üçün regional resurs və təlim mərkəzləri, qurumun məlumat bazası yaradılmış, təlim və seminarlar keçirilmişdir. Forum QHT-lər üçün əlaqələndirmə və əməkdaşlıq baxımından əhəmiyyətli rol oynadığını dəfələrlə nümayiş etdirmiş, dövlət orqanlarının, beynəlxalq təşkilatların və bələdiyyələrın etibarlı tərəfdaşına çevrilmişdir.
Qurum Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası, Dövlət Əfv Komissiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda ictimaiyyəti təmsil edir, hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək MQF-lərə göstərilən dövlət qayğısından danışmışdır. O demişdir ki, Prezidentin sərəncamları ilə qeyri-hökumət təşkilatlarına dövlət maliyyə yardımı göstərilir. Möhkəm hüquqi baza, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. Bununla yanaşı, 2008-ci ilin dövlət büdcəsində QHT-lər üçün 1,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Ə.Mehdiyev fəaliyyətlərində, Azərbaycanın dövlət maraqlarının müdafiəsində, problemlərinin həllində QHT-lərə uğurlar arzulamışdır.
Qurultayda qurumun idarə heyətinin sədri Aydın Kərimov və nəzarət-təftiş komissiyasının sədri Ceyhun Hacıbəyovun hesabatları dinlənilmiş, hesabat dövründə Forumun fəaliyyəti qənaətbəxş hesab olunmuş, qurultayın qətnaməsi qəbul edilmişdir.
Sonra təşkilati məsələyə baxılmışdır. Bildirilmişdir ki, Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri təyin olunduğu üçün MQF-nin prezidenti vəzifəsindən istefa vermişdir. MQF prezidentinin səlahiyyətlərini icra edən Rauf Zeyni gizli səsvermə yolu ilə Forumun prezidenti seçilmişdir.
Forumun 21 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş komissiyası da seçilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




