“Milli rəqsin mesajları” layihəsi təqdim edilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsi çərçivəsində “Yenisi” Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzi” İctimai Birliyinin reallaşdırdığı "Milli rəqsin mesajları" layihəsi təqdim edilib.
AZƏRTAC xəbər verir ki, layihədə nəzərdə tutulduğu kimi, “Mirzəyi”, “Sarı gəlin” və “Uzundərə” rəqsləri xüsusi quruluşda nümayiş olunub.
Hər üç rəqs əsasında videoçarx hazırlanıb. Çarxlarda hər bir rəqs barədə əvvəlcə qısa məlumat verilib, sonra isə rəqs təqdim edilib, xoreoqrafiq hərəkətlərin məzmunu (mesajı) qısa, ümumiləşdirilmiş şəkildə, rəqs hərəkətləri ilə həmahəng, titrlərlə (Azərbaycan və ingilis dillərində) vurğulanıb.
Çəkilişlərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının rəqqasları iştirak ediblər.
Rəqslərin quruluşu xoreoqraf - baletmeyster, Əməkdar artist Ceyhun Qubadova məxsusdur. Çarxların ssenari müəllifi və rejissoru Vüqar Əlisoydur.