MİLLİ SAĞLAMLIQ MONİTORİNQİ SİSTEMİNİN İNKİŞAFINA DAİR KONFRANS
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin rəhbəri Oqtay Axundov konfransı açaraq, 1998-ci ildən DST-nin və YUNİSEF-in dəstəyi ilə Azərbaycanın tibb statistikası sisteminin beynəlxalq standartlara keçməsi sahəsində görülən işlər barədə məlumat vermişdir. Azərbaycan dilində üçcildlik “Xəstəliklərin beynəlxalq statistika təsnifatı” kitabı çap edilmiş, doğum, ölüm və perinatal ölüm haqqında tibbi şəhadətnamələrin yeni formaları, belə məlumatların toplanması və təhlilinin kompüter sistemi işlənib hazırlanmış və tətbiq olunmuş, şəhər və rayon səhiyyə müəssisələrinin əksəriyyətində tibb işçiləri üçün məşğələlər keçirilmişdir.
Konfransda DST-nin Avropa regional bürosunun səhiyyə informasiya sisteminin inkişafı sahəsində fəaliyyətinə, ana və uşaq sağlamlığı haqqında statistikanın etibarlılığının təmin olunması məsələlərində YUNİSEF-lə əməkdaşlığın genişləndirilməsinə dair məruzələr, doğum və ölüm hallarının qeydə alınması sistemi tətbiqinin yekunları barədə ilkin hesabat dinlənilmişdir.