Milli və mədəni irs beynəlxalq birlik tərəfindən qorunmalıdır
Strasburq, 29 iyun, AZƏRTAC
Qloballaşan dünyada xalqların tarixi ənənələrinin və etnomədəni hüquqlarının, milli mədəni kimliyinin qorunub saxlanması və inkişaf etdirilməsi vacib məsələlərdəndir. Hər bir xalqın mədəni, dini irsinin tədqiq və müdafiə edilməsinə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva AŞPA sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsində söyləyib. Bildirib ki, mədəniyyətin qloballaşdığı dövrdə hər bir xalqın mədəniyyətinə xas olan məqamlar və milli kimlik qorunub saxlanmalıdır. Xalqlar bir-birinin mədəniyyətinə qarşılıqlı şəkildə hörmətlə yanaşmalıdırlar. Mədəni irs dağıntılardan, vandalizm aktlarından qorunmalıdır. Milli və mədəni irsin qorunması, ilk növbədə, onun mənsub olduğu xalqın əlində olsa da, eyni zamanda, beynəlxalq birlik və təşkilatlar da bu məsələyə xüsusi diqqət verməlidirlər.
Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında abidələri dağıtdıqlarını vurğulayan Milli Məclisin deputatı bildirib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir. İndi o kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər.
Milli Məclisin deputatı mədəni irsin qorunması istiqamətində UNESCO-nun roluna da toxunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq