Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
Bakı, 30 iyul, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) iyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzində təşkil olunan ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçılarına MDU-da tədris mühiti, beynəlxalq əməkdaşlıq imkanları, praktiki bacarıqların inkişafına xidmət edən proqramlar, sosial və akademik dəstək mexanizmləri, tələbələrin fərdi inkişafına yönəlmiş fəaliyyətlər barədə məlumat verilir. Abituriyentlərin və valideynlərin ixtisas seçimi, qəbul prosesi, təhsil imkanları və karyera perspektivləri ilə bağlı sualları universitetin nümayəndələri tərəfindən cavablandırılır. Sərginin ilk günündə abituriyentlər, onların valideynləri və digər iştirakçılar MDU-nun təhsil imkanları ilə yaxından tanış olublar.
Universitetin nümayəndələri tərəfindən keçirilən xüsusi infosessiyada bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılan ixtisas və ixtisaslaşmalar, ingilis dilində təhsil imkanları, ikili diplom və tələbə mübadiləsi proqramları haqqında ətraflı məlumat təqdim edilib. MDU-nun sərgidə iştirakı abituriyentlərin məlumatlı və məqsədyönlü ixtisas seçiminə dəstək göstərmək, ali təhsilə əlçatanlığı təşviq etmək və universitetin təqdim etdiyi müasir təhsil imkanlarını geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. İştirakçılar sərgi müddətində MDU-nun stendini ziyarət edərək universitetin təhsil proqramları və tələbələr üçün yaratdığı imkanlar barədə məlumat əldə edə bilərlər.