REGİONLAR
Mingəçevir Dövlət Universiteti “Qərarvermədə gənclərin iştirakı”na həsr edilmiş tədbirdə təmsil olunub
Bakı, 28 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, “Education HUB” və “Gender HUB” sosial platformalarının birgə təşkilatçılığı və “Avropa İttifaqı Gənclər üçün” proqramı (EU4Youth) ilə əməkdaşlıq çərçivəsində “Qərarvermədə gənclərin iştirakı”na həsr olunmuş dəyirmi masa keçirilib. Dövlət qurumlarını, gənclər təşkilatlarını, gənclər evlərini və müxtəlif regionları təmsil edən 45 gəncin iştirak etdiyi tədbirdə Mingəçevir Dövlət Universitetini (MDU) Karyera və İnkişaf Mərkəzinin mütəxəssisi İlhamə Məmmədova və Təhsil fakültəsinin tələbəsi Müşfiq Tarıverdiyev təmsil edib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən dəyirmi masada gənclər siyasətinin həyata keçirilməsində sektorlararası əməkdaşlığa gənclərin daha inklüziv cəlb edilməsi, gənclərin məşğulluğu, sosial sahibkarlığı və gender bərabərliyi mövzuları müzakirə olunub.
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və deputat Nigar Arpadarai çıxış edərək, mövzularla bağlı fikirlərini və tövsiyələrini bildiriblər.