REGİONLAR
Mingəçevir Dövlət Universitetində fəal tələbələrlə görüş olub
Bakı, 31 dekabr, AZƏRTAC
Dekabrın 30-da Mingəçevir Dövlət Universitetində (MDU) fəal tələbələrlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tələbə gəncləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Hazırda universitetin modernləşməsi prosesində tələbələrin aktiv iştirakından məmnunluğunu bildirən rektor onların növbəti illərdə də daha yüksək akademik nəticələr əldə edəcəklərinə, universitet və cəmiyyət həyatında daha fəal və faydalı olacaqlarına əminliyini ifadə edib.
Sonra universitetin ictimai həyatında xüsusi fəallıqları ilə seçilən tələbələrə təşəkkürnamələr təqdim olunub.
Səmimi görüşə, göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkürünü bildirən tələbələr gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli təhsil mühitinin imkanlarından maksimum faydalanacaqlarına və universitetin tərəqqisi yolunda öz töhfələrini əsirgəməyəcəklərinə söz veriblər.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin universitet həyatında fəal iştirakının təşviq edilməsinə xüsusi önəm verilir.