“Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi uğurla icra edilir
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qaliblərindən olan “Mingəçevir Dövlət Universitetində (MDU) kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsinin icrasına dair hesabat görüşü keçirilib.
“Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunan görüşdə Təhsil Nazirliyinin müvafiq əməkdaşları, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov universitetdə müvafiq ixtisaslar üzrə ali təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi və müasir tələblərə uyğun yüksəkixtisaslı kadrların hazırlanması baxımından layihənin önəmini diqqətə çatdırıblar.
Sonra, layihənin rəhbəri, Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Nurcan Yılmaz geniş hesabatla çıxış edərək layihənin icrası ilə bağlı ətraflı məlumat verib. Hesabatda ümumi büdcəsi 55 min manata yaxın olan sözügedən layihə çərçivəsində görülən işlər, o cümlədən ayrılan vəsaitlərin istifadəsi, İT laboratoriyasının qurulması, müvafiq fənlər üzrə proqram və sillabusların hazırlanması, akademik heyət üzvlərinin təlimləndirilməsi və digər məsələlər əksini tapıb.
Hesabat görüş iştirakçıları tərəfindən müsbət dəyərləndirilib.
Daha sonra layihə çərçivəsində gözlənilən fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.