Mingəçevir Dövlət Universitetində magistratura təhsilinin önəmi ilə bağlı tələbələrə seminar keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Uğurlu karyerada magistr təhsilinin əhəmiyyəti” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminar gənclər arasında magistratura təhsilini təbliğ etmək və ali təhsilin bu səviyyəsinin karyera inkişafında əhəmiyyəti barədə tələbələri məlumatlandırmaq məqsədi daşıyıb.
Seminarda MDU-nun İnformasiya texnologiyaları kafedrasının əməkdaşı Elvin Muradzadə “Bakalavr təhsilindən sonra hansı hallarda magistratura təhsili almaq vacibdir?”, “Magistratura təhsili almağın üstünlükləri nələrdir?”, “Dissertasiya mövzusunu necə seçməliyəm, nələrə diqqət etməliyəm?” və “Xaricdə magistratura təhsili almağın yolları və şərtləri nələrdir?” suallarına cavab formatında təqdimatla çıxış edib.
Maraqla qarşılanan seminarda iştirakçıların sualları cavablandırılıb.