Mingəçevir Dövlət Universitetində onlayn imtahan sessiyasına start verilib
Mingəçevir, 8 iyun, Rauf Hacıyev, AZƏRTAC
İyunun 8-də Mingəçevir Dövlət Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan sessiyasında bakalavriat səviyyəsinin birinci-üçüncü kurslarında və magistratura səviyyəsinin birinci kursunda təhsil alan ümumilikdə 1874 tələbə və magistrantın iştirakı nəzərdə tutulub.
İlk dəfə olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formada şifahi qaydada təşkil olunan imtahan sessiyasının ilk günündə ümumilikdə 47 imtahanda 680 tələbə iştirak edib. İlk imtahan günündə iştirak edən bütün tələbələr müvəffəq qiymət alıblar. Başqa sözlə, cari ilin mart-may aylarında universitetin professor-müəllim heyəti tərəfindən təqdim olunan məsafədən dərslərdə fəal iştirak edən tələbələrin ilk imtahan günündə göstərdikləri nəticələr qənaətbəxş olub.
Qeyd edək ki, mövcud qanunvericiliyə edilən dəyişikliklərin yaratdığı imkanları, karantin dövrünün xüsusiyyətlərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, Mingəçevir Dövlət Universitetində cari imtahan sessiyası çoxsaylı güzəştlərin tətbiqi ilə həyata keçirilir. İmtahanların təşkilində müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək qrupu” və tələbələrdən ibarət “İmtahan könüllüləri” fəal iştirak edirlər.