Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid və qazi ailələrinə baş çəkiblər
Bakı, 30 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, MDU-nun kollektivi həmçinin hazırda iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun və valideyni MDU-da çalışmış şəhid Şahmar Seyidovun ailəsinə də baş çəkiblər. Universitet əməkdaşları MDU-nun qazi məzunu Abdulla Abdullayevi də evində ziyarət ediblər.
Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, qazilərin fədakarlığından danışılıb, ailə üzvlərinə bayram sovqatları təqdim olunub. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.