Mingəçevir Dövlət Universitetinin tələbələri bayramı birgə qeyd ediblər
Bakı, 27 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, şəhid ailəsi üzvləri, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantların iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında MDU rəhbərliyinin bayram təbriklərini çatdıran tədris şöbəsinin müdiri Üzeyir Zeynalov cari ildə universitetin əldə etdiyi nailiyyətlərdən danışıb və qarşıdan gələn yeni ildə MDU ailəsi üzvlərinə uğurlar arzulayıb.
Universitet həyatında yaddaqalan hadisələrin əks olunduğu videoçarxın nümayişindən sonra MDU əməkdaşları və tələbələrinin ifasında müxtəlif şeirlər və mahnılar səsləndirilib, rəqslər və səhnəciklər təqdim edilib.