SİYASƏT
Mingəçevirdə “Dövlət müstəqilliyinin 22 ili: uğurlar və perspektivlər” adlı elmi-nəzəri konfrans keçirilmişdir
Mingəçevir, 18 oktyabr (AZƏRTAC). Mingəçevir Şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə “Dövlət müstəqilliyinin 22 ili: uğurlar və perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir. AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Konfransda şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP şəhər təşkilatının sədri və idarə heyətinin üzvləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin rəhbərləri və başqaları çıxış edərək Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı tarixindən, ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində tarixi rolundan danışmışlar. Məruzə və çıxışlarda vurğulanmışdır ki, Azərbaycanın müstəqil dövlət olaraq əldə etdiyi uğurlar, dünya birliyində özünə layiq yer tutması, dinamik inkişaf yoluna çıxması Ulu Öndərin müdrik siyasətinin nəticəsində mümkün olmuşdur. Heydər Əliyev əməli fəaliyyəti ilə müstəqilliyimizə təminat yaradan görkəmli şəxsiyyətdir və onun ideyalarının işığında Azərbaycan müstəqillik yollarında inamla addımlayır.
Bu gün ölkəmizin dinamik və davamlı inkişafa nail olmasından, son on ildə qazanılan möhtəşəm uğurlardan söz açan natiqlər bütün bunları Ümummilli liderin müəyyənləşdirdiyi strategiyanın təntənəsi, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, yeni dövrün tələblərinə uyğun davam etdirilməsinin nəticəsi kimi dəyərləndirmişlər.