Mingəçevirdə İstilik Elektrik Stansiyasının yaradılması ölkə iqtisadiyyatının enerji təminatının qarantıdır
Bakı, 14 fevral, AZƏRTAC
Dövlətlərin energetika, o cümlədən elektrik enerjisi potensialı, ondan istifadənin effektivlik səviyyəsi ölkənin iqtisadi potensialının vacib xarakteristikasıdır. Bu, həm də cəmiyyətdə aparılan iqtisadi islahatların dinamikliyinin və həyat səviyyəsinin göstəricisidir. Bu baxımdan, ölkəmizdə elektroenergetika sektorunun inkişafı ötən dövrlərdə olduğu kimi, bu gün də dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır. Qeyd olunan bu əsasları əvvəlcədən görərək Ulu Öndər Heydər Əliyev dövlətin milli təhlükəsizliyinin mühüm komponenti hesab olunan güclü enerji sistemini yaratmışdır.
Bu barədə AZƏRTAC-a texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli məlumat verib.
O qeyd edib ki, bu gün Azərbaycan 8,1 qiqavat qoyuluş gücü və 7000 kilometrdən artıq uzunluğa malik inkişaf etmiş sistem əhəmiyyətli və diversifikasiya olunmuş dövlətlərarası şəbəkəsi olan elektroenergetika sisteminə malikdir. Ölkə elektroenergetika sisteminin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş bir sıra vacib Dövlət proqramları, Strateji Yol Xəritəsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, eləcə də yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Digər tərəfdən, Azərbaycan 2015-ci il Paris iqlim sazişinə görə növbəti 15 il ərzində CO2 istilik effekti yaradan qazların emissiyalarının baza ili səviyyəsinə nəzərən 35 faiz və ya 25,5 milyon ton azaldılmasını “könüllü hədəf” olaraq öz üzərinə götürüb. Azərbaycanın bu məqsədlərə çatmasında dövlətimizin başçısının iştirakı ilə təməlqoyma mərasimi keçirilən, qoyuluş gücü 1280 meqavat təşkil edən yeni güc mənbəyinin yaradılması mühüm rol oynayacaqdır.
Professor bildirib ki, Mingəçevir şəhərində inşa olunacaq yeni elektrik stansiyası ölkəmizdə “Azərenerji” ASC tərəfindən qoyuluş gücünə görə son 30 ildə icra olunan ən böyük layihədir və orta hesabla elektroenergetika sisteminin ümumi gücünün 16 faizini təşkil edir. 2025-ci ildə istifadəsi planlaşdırılan elektrik stansiyası ölkəmizin CO2 tullantıları üzrə öhdəliklərinin icrasında mühüm rol oynayacaqdır. Digər tərəfdən, hazırda stansiyada fəaliyyət göstərən aqreqatların ifrat yüksək təzyiq parametrindən kritik təzyiqə qədər aşağı salınması istismar olunan 7 və 8 saylı enerji bloklarının istismar müddətinin uzadılmasına imkan verəcəkdir. Eyni zamanda, “Azərbaycan” İstilik Elektrik Stansiyasının yeni konfiqurasiyada fəaliyyəti elektroenergetika sisteminin çevikliyinin və dayanıqlıq göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərəcək. Xüsusilə bərpaolunan enerji mənbələrinin intensiv tətbiqi nəticəsində enerji sisteminin inersiya sabitinin azalmasının qarşısının alınması istiqamətində mühüm töhfə verəcək.