Mingəçevirdə Konstitusiya Günü qeyd olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Mingəçevir Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Konstitusiya Gününə həsr edilən elmi-nəzəri konfrans keçirilib. Konfransda Mingəçevir Şəhər İcra Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitetin akademik, inzibati və tələbə heyəti, YAP Mingəçevir şəhər təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransın açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini Bəxtiyar Mustafayev çıxış ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqillik dövrünün ilk Konstitusiyası milli dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Ali Qanun müasir Azərbaycanın inkişafında, dövlət quruculuğunda, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında və vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynayıb və hazırda da ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət olaraq hərtərəfli inkişafına təminat yaradır.
Diqqətə çatdırılıb ki, yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar olaraq Konstitusiyaya bir neçə dəfə əhəmiyyətli əlavə və dəyişikliklərin edilməsi dövlətimizin siyasi, iqtisadi və hüquqi əsaslarının daha da möhkəmlənməsinə xidmət edir. Qürurverici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər dövlətimizin konstitusion əsaslarını tam təmin edib.
Açılış nitqlərindən sonra konfransda məruzələr dinlənilib.
MDU-nun akademik heyət üzvlərindən Aygün Qədirova “Heydər Əliyev konstitusiyalı dövlət quruculuğunun banisidir”, Mirzə Cavadov “Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsi: mükəmməl konstitusiya” və Üzeyir Zeynalov “Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatıdır” mövzularında məruzələrlə çıxış ediblər. Təqdim olunan məruzələr maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.