QAN YADDAŞI
Mingəçevirdə “Soyqırımı hadisələri xalqımıza qarşı məkrli erməni siyasətinin nəticəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Mingəçevir, 31 mart (AZƏRTAC). Martın 31-də Mingəçevir Şəhər İcra Hakimiyyətində “Soyqırım hadisələri xalqımıza qarşı məkrli erməni siyasətinin nəticəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə kompleksinin önünə əklil qoymuş, qətlə yetirilmiş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransda tarix müəllimi, YAP şəhər təşkilatı idarə heyətinin üzvü Ramiz Kərimov “1918-ci ilin mart qırğınları ermənilərin xalqımıza qarşı törətdiyi çoxsaylı soyqırım cinayətlərindən biridir”, şəhər liseyinin direktoru, filologiya elmləri namizədi Mayıl İsmayılov “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarımızdan deportasiyası erməni xislətinin növbəti mərhələsidir”, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının dekanı Flora Namazova “Dağlıq Qarabağ hadisələri ermənilərin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamıdır” mövzusunda məruzələri dinlənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, xain və satqın ermənilərin mənfur siyasəti nəticəsində zaman-zaman torpaqlarımızın böyük bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımız amansızcasına qətlə yetirilmişdir. Natiqlər vurğulamışlar ki, dahi şəxsiyyət Heydər Əliyev xalqımıza qarşı törədilmiş bütün soyqırım hadisələrinin qeyd edilməsi və həmin faciələrin unudulmaması üçün 1998-ci il martın 26-da fərman imzalamaqla ermənilərin törətdikləri soyqırımına və terror aktlarına siyasi-hüquqi qiymət vermiş, martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü elan etmişdir. Bu tarixi fərmandan sonra əsrlər boyu xalqımızın başına açılmış, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırım və deportasiya hadisələrinin əsl mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılmış, qaranlıq səhifələrə aydınlıq gətirilmişdir.