Minskdə MDB üzvü olan dövlətlərdə Gənclərin İşləri üzrə Şuranın iclası başlanmışdır
Bakı, 14 noyabr (AZƏRTAC). Minskdə MDB üzvü olan dövlətlərdə Gənclərin İşləri üzrə Şuranın iclası başlanmışdır. 2013-cü ildə Şurada Azərbaycan sədrlik edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, Şuranın sədri, Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev respublika mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında şuranın gələcək planları barədə məlumat vermişdir.
Xatırladaq ki, Minskdə keçirilən iclasda fəhlə və kəndli gənclərə münasibətdə dövlətin gənclər siyasətinin həyata keçirilməsi, MDB ölkələrində gənclərə verilən sosial zəmanətlər, habelə 2016-cı ilin Birlikdə Volonter İli elan edilməsi ehtimalı müzakirə ediləcəkdir.
MDB üzvü olan dövlətlərdə Gənclərin İşləri üzrə Şura Birlik ölkələrində gənclərlə iş sahəsində əməkdaşlığı barədə sazişin yerinə yetirilməsi məqsədilə yaradılmışdır. Həmin sazişə əsasən tərəflər gənclərlə iş üzrə peşəkar kadrlar hazırlanmasında, gənclərin məsələlərinə dair dövlət orqanları, gənclərin ictimai birlikləri arasında təcrübə mübadiləsi, dövlət siyasətinin müxtəlif problemlərinə dair müştərək elmi araşdırmalar aparılması, seminarlar, simpoziumlar, konfranslar, məsləhətləşmələr keçirilməsi; elmi və tədris materiallarının sistematik mübadiləsi məsələlərində bir-birinə kömək edirlər.
Gənclərin məsələləri üzrə Şuranın birinci təşkilatlanma iclası 2006-cı il sentyabrın 14-də Minskdə keçirilmişdir. Birlik üzvü olan dövlətlərdə gənclər siyasətinin həyata keçirilməsi üçün milli gənclik proqramlarının birləşdirilməsi məqsədilə 2020-ci ilə qədər olan dövrdə MDB iştirakçısı olan dövlətlərin gənclərinin beynəlxalq əməkdaşlığına dair strategiya layihəsi işlənib hazırlanmış, 2010-cu il dekabrın 10-da həmin layihə qəbul edilmişdir.