MİSİR MƏDƏNİYYƏTİ GÜNLƏRİNİNİŞTİRAKÇILARI ŞƏKİDƏ OLMUŞLAR
Noyabrın 24-də mədəniyyət günləri iştirakçılarının icra hakimiyyətində şəhər rəhbərliyi ilə görüşü keçirilmişdir. İcra hakimiyyətinin başçısı Nazim İbrahimov ölkələrimiz arasında dostluğun və mədəni əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsində belə tədbirlərin xüsusi əhəmiyyəti olduğunu bildirmiş, Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və özünəməxsus milli xüsusiyyətləri barədə qonaqlara geniş məlumat vermişdir.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığını və Şəkini görməkdən məmnunluğunu bildirən səfir Yusif Əhməd İbrahim əl-Şarkavi Azərbaycanla Misir arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən danışmış, əməkdaşlığın möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və Misir Prezidenti Hüsni Mübarəkin xidmətlərini xüsusi vurğulamışdır.
Görüşdən xatirə olaraq qonaqlara hədiyyələr təqdim edilmişdir.
Mədəniyyət günləri iştirakçılarının Şəkiyə səfərlərinin proqramı olduqca zəngin və yaddaqalan idi. Noyabrın 25-də günün birinci yarısında qonaqlar şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olmuşlar. Azərbaycan milli memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, habelə Şəki Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xalq tətbiqi sənəti və Tarix-diyarşünaslıq muzeyləri ilə tanışlıq qonaqlarda böyük maraq oyatmışdır. Onlar qədim Şəkinin özünəməxsus milli xüsusiyyətlərinə, zəngin tarixi abidələrinə və təbiətinə, sakinlərin qonaqpərvərliyinə heyran qaldıqlarını gizlətməmişlər.
Elə həmin gün Misir incəsənət ustaları Şəki Dövlət Dram Teatrında geniş konsert proqramı ilə çıxış etmişlər. Folklor-rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Səfərlə bağlı təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən səfir Yusif Əhməd İbrahim əl-Şarkavi Şəkinin memarlıq və tarixilik baxımından nəinki Azərbaycanda, eləcə də bütün İslam dünyasında xüsusi yeri və əhəmiyyəti olduğunu bildirmiş, Şəki xanlarının sarayının gözəlliyinə heyran qaldığını, dünyanın ən məşhur abidələri ilə bir sırada dayandığını söyləmişdir. Səfir demişdir ki, bu saray, eləcə də burada gördüyümüz digər tarixi abidələr Azərbaycan xalqının, həqiqətən də, İslam dünyasında qədim tarixə, çox yüksək milli-mənəvi dəyərlərə və mədəniyyətə malik xalq olduğunu bir daha sübut edir. Şəkidə keçirdiyimiz görüşlər, bizə göstərilən yüksək qonaqpərvərlik, səmimiyyət, xoş münasibət, tanış olduğumuz memarlıq və incəsənət abidələri bizim ruhumuzu dincəltdi, yol yorğunluğumuzu da unutduq. Biz səfər proqramında məhz qədim Şəkini seçməyimizdən çox məmnunuq və bu şəhərdən xoş ovqatla ayrılırıq.