MİSİR QƏDİM QİBTİ ƏLYAZMALARINI ABŞ-DAN GERİ QAYTARMIŞDIR
Qibti əlyazmaları ötən əsrin 70-ci illərində bir fermer tərəfindən tapılmışdır. Fermer qədim əlyazmaları əntiq mallar alverçisinə satmış, o isə, daha baha qiymətə satmaq məqsədi ilə ölkənin ərazisindən çıxarmışdır. Qiymətli əlyazmaları satmağa bir neçə dəfə cəhd göstərdikdən sonra onları Amerika banklarından birinə qoymuşdur. 2000-ci ildə əlyazmaları qədim əşya alverçisi almış və bir müddət sonra İsveçrənin əntiq mallar şirkətinə satmışdır.
Misirin Qədim Abidələr Ali Şurasının başçısı Zəhi Həvasın sözlərinə görə, ABŞ-ın “Nəşnl Ceoqrafik” nəşriyyatı Yuta ştatındakı Elmi Tədqiqat İnstitutu ilə birlikdə mətnlərin bərpasına, tərcüməsinə və Misirə qaytarılmasına 2 milyon dollar xərcləmişlər.
Əlyazmaların böyük tarixi əhəmiyyəti var, çünki tərcümə zamanı məlum olmuşdur ki, onlar həm də İudanın İncilinə aiddir. Bəzi tədqiqatçıların fikrincə, həmin əlyazmalar İsa Peyğəmbərin öz şagirdi İuda ilə münasibətlərini Matfey, Mark, İohann və Lukaya məxsus dörd əsas İncildən fərqli olaraq, başqa səpkidə izah edir.
325-ci ildə Nikeya kilsəsində İncilin dörd əsas variantı təsdiqlənmişdir. İsa Məsihin dünyəvi həyatı haqqında digər əlyazmalar din dərsliyi statusu almamışdır. O vaxtdan etibarən kilsə küfr yayan qədim əlyazmaları məhv etməyə başlamışdır. II əsrdə köçürülən və daha qədim əlyazmanın yazılı ifadəsi olan bu əlyazma isə yalnız ona görə zəmanəmizə
gəlib çatmışdır ki, qibtilərə Allah sözü yazılan mətnləri məhv etmək qadağan olunmuşdur. Haqqında ilk dəfə 180-ci ildə danışılan və yunan dilində yazılan nadir əlyazma indiyədək məlum olan yeganə əlyazmadır.