Misirli qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Misir Asiya Mədəniyyət Mərkəzinin rəhbəri Ahmed Abdelvahab Abdelsalam İbrahim, Livan Universitetinin Tarix kafedrasının rəhbəri El Jundi Khaled, həmçinin Misirin ən qədim təhsil ocaqlarından olan Ayn Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümünün əməkdaşı və bu ölkənin tədqiqatçı-jurnalisti Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Misirli qonaqlar Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar barədə ətraflı məlumat verilib.
Qonaqların diqqətinə çatdırılıb ki, bu tarixi ərazidə kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılıb. Arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb. 1990-cı ilədək arxeoloji ekspedisiyanın tərkibində olan Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar tərəfindən Qoruq ərazisində arxeoloji qazıntı işləri davam etdirilib. Uzun illər fasilədən sonra - 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. SEBA-nın təşəbbüsü və dəstəyi ilə aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri quraşdırılıb, Qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışı olub. Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Mərkəzdə, eyni zamanda, dünya və beynəlxalq əhəmiyyətli toplantılar keçirilir. Bura gələn xarici və yerli turistlər Qoruq ərazisində aparılmış arxeoloji qazıntı işləri ilə, Qəbələ Arxeoloji Mərkəzində sərgilənən materiallarla yaxından tanış olurlar.
Qonaqlara, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılmış qazıntılar barəsində SEBA-nın maliyyə dəstəyi ilə dövrü olaraq çap edilmiş “Qəbələ Arxeoloji Ekspedisiyasının hesabatı-tapıntıları” və Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 3 cilddən ibarət kitab toplusu haqqında da ətraflı məlumat verilib.