Mobil telefonların ölkəyə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 7 may, AZƏRTAC
Gürcüstandan Azərbaycana mobil telefonların qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz ML 320" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin qabaq sol oturacağının altında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy J4+", 2 ədəd "Samsung Galaxy A6" və bir ədəd "Samsung Galaxy J6" markalı mobil telefon, 8 ədəd qidalandırıcı başlıq, 10 ədəd USB kabel, 4 ədəd "qulaqlıq" və 14 ədəd mobil telefon üçün qutu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.