Moldovalıların yarısı Qərbə inteqrasiyaya qarşıdır ŞƏRH
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Moldovada keçirilən referendumda xalq konstitusiyaya təklif edilən dəyişiklikləri və ən kiçik fərqlə Avropa İttifaqına (Aİ) qoşulmaq öhdəliyini dəstəkləyib. Moldovada Konstitusiyaya edilən dəyişikliklərlə əlaqədar olaraq Qərb və Rusiya arasında mübarizə davam edir. Məsələnin mahiyyətində Qərbin demokratiya prinsipləri ilə geosiyasi maraqları arasında potensial ziddiyyət dayanır. Adətən Avropa İttifaqı və ABŞ demokratik dəyərlərin təbliğatçısı kimi çıxış edir və azad, ədalətli seçkiləri, şəffaflığı və xalqın iradəsini dəstəkləyir. Lakin demokratik proseslər Qərbin geosiyasi maraqlarına uyğun gəlmədikdə onların ritorikası dəyişir.
Moldovada əhalinin yarısının Avropa İttifaqına üzvlükdən imtina etməsi xalqın müəyyən hissəsinin Qərblə dərin inteqrasiyaya qarşı olduğunu göstərir. Bu vəziyyət Gürcüstanda da müşahidə olunan bir tendensiyadır. Qərbin Moldova, Gürcüstan kimi ölkələrdə bu cür demokratik nəticələri "dezinformasiya kampaniyasının nəticəsi" kimi qiymətləndirməsi, demokratik proseslərə geosiyasi prizma ilə yanaşıldığını ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə söyləyib.
Politoloq bildirib ki, Qərbin "dezinformasiya kampaniyaları" mövzusuna bu qədər önəm verməsi, Şərq və Qərb arasında informasiya müharibəsinin geniş yayılmasından qaynaqlanır. Onun sözlərinə görə, xüsusilə Rusiya, qonşu ölkələrin siyasi mənzərəsinə təsir etmək üçün təbliğat və dezinformasiya vasitələrindən istifadə etməkdə ittiham edilir. Qərbin cavabı isə nəticələri onun siyasətinə uyğun gəlməyən hadisələri dezinformasiya nəticəsi kimi göstərməkdən ibarətdir.
Bu yanaşmanın müxtəlif məqsədlərə xidmət etdiyini vurğulayan politoloq əlavə edib: “Qərb onun üçün əlverişli olmayan referendum nəticələrini xarici manipulyasiya ilə əlaqələndirərək prosesin legitimliyini şübhə altına alır. Bu da Qərbin geosiyasi maraqlarını qorumağa kömək edir”.
Qərbin daxili və beynəlxalq ictimai rəyin formalaşdırılması siyasətindən danışan Rüstəm Tağızadə deyib: “Dezinformasiya üzərinə vurğulanan bu ritorika, həm Moldova kimi ölkələrin daxili ictimai rəyini, həm də beynəlxalq ictimaiyyətin perspektivlərini formalaşdırmaq məqsədi daşıyır. Qərb bu cür ritorika ilə özünü avtoritar təsirlərə qarşı mübarizənin müdafiəçisi kimi göstərir. Lakin dezinformasiya üzərinə bu qədər vurğunun olması demokratiya prinsiplərinin ziddinə ola bilər. Əgər əhalinin real narahatlıqları və fərqli fikirləri manipulyasiya kimi qəbul edilirsə, bu, Avropa İttifaqına inteqrasiyaya qarşı olan kəsimin Qərbə tərəf daha çox yönəlməsinə səbəb ola bilər. Moldova kimi keçmiş Sovet ölkələri isə Qərb və Şərq geosiyasi gücləri arasında həssas bir balans tapmağa çalışır. Bir tərəfdən Qərb ölkələri iqtisadi inteqrasiya, inkişaf yardımı və demokratikləşmə vədləri təklif edir, digər tərəfdən isə Rusiya, tarixi, mədəni və iqtisadi təsirlərindən istifadə edərək özünü ənənəvi dəyərlərin və suverenliyin müdafiəçisi kimi göstərir”.
Politoloq qeyd edib ki, referendumun nəticələri bu gərginliyi əks etdirir: “Moldovada əhalinin bir hissəsi Aİ ilə əlaqələri inkişaf etdirməyə can atsa da, digər hissəsi iqtisadi, mədəni və siyasi səbəblərə görə bu inteqrasiyaya qarşı ehtiyatla yanaşır. Bu bölünmə Gürcüstanda və digər postsovet ölkələrində də müşahidə olunur və həmin ölkələrin tarixinə nəzər salsaq görərik ki, onlar Qərbin və Rusiyanın təsir dairəsi altında olub”.
Moldovadakı referendumun Qərbin xarici siyasətində realizmin bir növünü göstərdiyini vurğulayan Rüstəm Tağızadə bu realizmi aşağıdakı şəkildə ifadə edib:
“Birincisi, daxili qütbləşmənin artması: Moldova cəmiyyəti Qərb və Şərq təsirlərinin artması nəticəsində daha da qütbləşə bilər. Bu qütbləşmə daxili siyasi mənzərədə parçalanmalara səbəb ola bilər və idarəetmədə, sosial birliyin təmin edilməsində yeni çətinliklər yarada bilər.
İkincisi, seçkiləri Qərbin məqsədlərinə uyğun gəldikdə dəstəkləmək: Şərqi Avropa və Cənubi Qafqazda demokratik proseslər Qərbin maraqlarına uyğun gəldikdə, həmin nəticələrə güclü dəstək verilir və demokratik qələbə kimi qiymətləndirilir. Fikrimcə, Moldovaya Avropanın siyasi təzyiqi artacaq. Ancaq Moldova dövlətinin tərkibində Dnestryanı münaqişənin olması və başqa amillər onu xarici siyasətdə daha ehtiyatlı olmağa vadar edir”.