Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda dünya şöhrətli alim, ictimai-siyasi xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan onlayn tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, akademik İradə Hüseynova böyük alim Cəlal Əliyevin keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoymaqla fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırdığını diqqətə çatdırıb. Bildirilib ki, onun elmi fəaliyyətinin əsas istiqaməti kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin tədqiqinə həsr olunub. Görkəmli akademikin yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlib. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlığa malik qiymətli buğda sortları yaradılıb.
Sonra akademik Cəlal Əliyev məktəbinin davamçıları - AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov və ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, biologiya elmləri doktorları Şahniyar Bayramov, Tofiq Allahverdiyev, biologiya üzrə fəlsəfə doktorları Nurməmməd Mustafayev, Sədaqət Əsədova, Gülnarə Balakişiyeva və başqaları alimin Azərbaycan elminin inkişafında çoxillik zəngin və məhsuldar fəaliyyətindən, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərindən, alimin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söhbət açaraq müəllimlərinin xatirəsinin onların qəlbində daim yaşayacağını vurğulayıblar.