Monqolustan Elmlər Akademiyasının prezidenti Ədəbiyyat İnstitutunda olub
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə AMEA-nın vitse-prezidenti, bu elmi qurumun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Monqolustan ədəbi əlaqələrinin tarixindən danışıb. İ.Həbibbəyli humanitar və ictimai elmlərə aid olan digər sahələrdə də Monqolustan Elmlər Akademiyası ilə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
Duqer Reqdel görüşə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib.
Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi qurumun Monqolustan Elmlər Akademiyasının müvafiq institutu ilə gələcəkdə əməkdaşlıq imkanları barədə danışıb.
Tədbirdə professor Əli Rəcəbli qədim və orta əsərlərdə Azərbaycan pulları haqqında, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Qazaxıstanın İssık kurqanından tapılan gümüş piyalədəki sak prototürk yazıları barədə məruzə ediblər. İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi Lamiyə Nəsirova monqol ədəbiyyatının Azərbaycanda tədqiqi və tərcümə məsələləri barədə çıxış edib.