“Mornar”ın baş məşqçisi: “Sabah” hörmətə layiq komandadır
Bakı, 18 oktyabr, AZƏRTAC
“Bu, ikinci turnirdir, biz əsasən əcnəbilərdən ibarət naməlum komanda ilə qarşılaşacağıq. Rəqibin heyətində ABŞ, Xorvatiya, Şimali Makedoniya və Latviyadan olan oyunçular var”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Monteneqronun “Mornar” basketbol komandasının baş məşqçisi Mixaylo Paviçeviç FIBA Avropa Kubokunun müntəzəm mövsümündə bu gün evdə “Sabah”a qarşı keçirəcəkləri D qrupunun ilk tur oyunu barədə danışarkən deyib.
Mütəxəssis, Azərbaycan təmsilçisinin hörmətə layiq kollektiv olduğunu bildirib: “Seçmə mərhələdə birinci yeri tutdular. Bütün mövqelərdə yaxşı oyunçuları var. Qələbə qazanmaq istəyiriksə, daha yüksək səviyyədə oynamalı olacağıq”.
“Mornar”ın basketbolçusu Straxinya Yovanoviç də “Sabah”ı yaxından tanımadıqlarını söyləyib: “Rəqiblə bağlı bəzi məlumatları toplamışıq və buna uyğun hazırlaşırıq. “Sabah” əsasən komanda oyunu sərgiləyir. Seçmə mərhələdə güclü kollektivləri məğlub ediblər. Çətin oyun olacaq, lakin biz ilk rəsmi qələbəmizi qeyd etməyə hazırlaşırıq”.
Qeyd edək ki, bu gün keçiriləcək “Mornar” - “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.