Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir
Bakı, 10 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (RF XİN MDBMİ) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, RF XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılmışdır. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat mayın 11-dən 18-dək hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaqdır.
İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin TQDK-da təşkil edilmiş müvafiq SQK-da qeydiyyatdan keçmələri tələb olunur. Qeydiyyat mayın 11-dən 18-dək hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılacaqdır.
SQK-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün SQK-da təsdiq olunmuş “Elektron ərizə”; orta təhsil haqqında sənədin əsli (2011-ci ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı), şəxsiyyət vəsiqəsi, hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.
Müsabiqə iki mərhələdən ibarətdir.
Birinci mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu (DT altqrupu) üzrə imtahan verirlər.
Test imtahanında bölməsindən asılı olmayaraq abituriyentlərə test tapşırıqları rus dilində təqdim olunur. Abituriyentlər xarici dil fənni kimi yalnız ingilis dilini seçə bilərlər.
Test imtahanı mayın 21-də keçiriləcəkdir. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 19 və 20-də TQDK-nın internet saytından çap edib götürəcəklər.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 23-də keçiriləcəkdir. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaqdır.
Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBMİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaqdır.
İkinci mərhələ MDBMİ tərəfindən Moskva şəhərində cari il iyunun 27-dən iyulun 3-dək aparılacaqdır. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və ingilis dillərindən test imtahanı verəcəklər. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.
İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.
MDBMİ-yə qəbul olanlardan aşağıdakı sənədlər tələb olunacaqdır:
Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi, milli pasportun surəti, 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil, xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış, döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi, tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat, sifilis müayinəsinin nəticəsi, VİÇ infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.
Yataqxanada yaşamaq üçün tələbələr ayda 3300-4800 rubl ödəyirlər. Ödəmə 12 və ya 6 ay üçün əvvəldən həyata keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları MDBMİ-yə qəbul olduqları təqdirdə 2011/2012-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.