MOSKVA DÖVLƏT BEYNƏLXALQ MÜNASİBƏTLƏR İNSTİTUTUNUN REKTORU BAKIDADIR
A.Torkunov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstəsi düzdü.
Sonra Şəhidlər xiyabanına gələn rusiyalı qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətənin cəsur övladlarının xatirəsini hörmətlə yad etdi, onların məzarları üstünə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev hər bir azərbaycanlı üçün əziz olan Şəhidlər xiyabanının yaranma tarixi, 20 Yanvarda qətlə yetirilmiş günahsız insanlar, habelə erməni təcavüzü nəticəsində işğal olunmuş ərazilərimiz və şəhidlərimiz barədə hörmətli qonağa ətraflı məlumat verdi.
Rusiyalı qonaq buradan Bakının mənzərəsini seyr etdi.
Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Heydər Əliyev Fondunda da oldu.
Fondun fəaliyyəti ilə bağlı ona ətraflı məlumat verildi. O, görkəmli siyasi xadim Heydər Əliyevin uşaqlıq, yeniyetməlik illərinin yadigarı olan fotoşəkillərə maraqla baxdı.
Ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü ilə bağlı eksponatlar qonaqlarda xüsusi maraq doğurdu.
MDBMİ-nin rektoru Anatoli Torkunov Fondun Xatirə kitabına ürək sözlərini yazdı.
Qonağa Fondun hədiyyələri təqdim olundu.
Anatoli Torkunov da MDBMİ-nin tarixindən bəhs edən kitabı Fonda hədiyyə etdi.
Bakı Dövlət Universitetində (BDU) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, professor Anatoli Torkunovla müəllim-professor və tələbə kollektivinin görüşü oldu. Görüşdə qeyd edildi ki, ümummilli lider Heydər Əliyev və ölkəmizin başçısı İlham Əliyevin fəxri doktoru olduğu MDBMİ 1944-cü ildə yaranmışdır, indi bu institutda 5 min tələbə təhsil alır. A.Torkunov BDU-nun yüksək ixtisaslı kadrlar yetişdirilməsində böyük rolunu vurğuladı.
Görüşün sonunda BDU və MDBMİ arasında elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığa dair müqavilə imzalandı.