MOSKVADA CƏMŞİD NAXÇIVANSKİ HAQQINDA KİTABIN TƏQDİMATI OLMUŞDUR
P.İ.Çaykovski adına Moskva Mədəniyyət Mərkəzində keçirilmiş mərasimi nümayəndəliyin ictimaiyyətlə və KİV-lə əlaqələr şöbəsinin rəisi Tamilla Əhmədova açaraq böyük zəhmət bahasına xalqımızın şanlı oğlu, məşhur Naxçıvan xanlarının nəslindən olan altıncı generalın xatirəsini canlandırmış müəllifi-Rudolf İvanovu təqdim etmişdir.
Gecənin aparıcısı, tanınmış yazıçı Çingiz Hüseynov çıxışında məşhur Azərbaycan sərkərdəsi haqqında kitabı yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, bu, sanballı tarixi tədqiqatdır. “Rus tarixçisi Rudolf İvanov cild-cild arxiv sənədlərini araşdıraraq həm Azərbaycan, Qafqaz və Naxçıvan, həm də Rusiya üçün fövqəladə dərəcədə vacib, ümumbəşəri əhəmiyyətli bir iş görmüşdür”,-deyə o vurğulamışdır. Aparıcının sözlərinə görə, müəllif Cəmşid Naxçıvanskinin parlaq və faciəli taleyini təsvir edərək qəhrəmanının şəxsiyyətinə obyektiv qiymət verir, oxucularının gözü qarşısında bütöv bir epoxanı canlandırır.
Rudolf İvanov kitabın yaranması ideyasından, C.Naxçıvanski haqqında arxiv materiallarını araşdırarkən keçirdiyi hisslərdən söz açmışdır. Qərəmanının şanlı yolu və parlaq karyerasından, üç dəfə yalan ittihamla güllələnməyə məhkum olunmasından danışarkən xüsusi vurğulamışdır ki, hərbi xadimin şərəfli adı xalqına Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən qaytarılmışdır. İndi onun adına Bakıda hərbi lisey və küçə vardır, ana yurdu Naxçıvanda isə Xatirə muzeyi yaradılmışdır.
Rudolf İvanov demişdir ki, məni Azərbaycana çox şey bağlayır. Mən burada həmişə xeyirxahlıq görmüşəm. Fürsət düşəndə isə borcumu verməyə çalışdım. İndən belə də bu işlə məşğul olacağam. Natiq əsərin hazırlanması və nəşrində ona yardım göstərənlərə təşəkkür etmişdir. O, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirmişdir. Müəllif ideyasının reallaşdırılmasında, kitabın təqdimatında Heydər Əliyev Fondunun Rusiya Federasiyasında Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük rolunu qeyd etmişdir.
Mərasimdə çıxış edən “Voin Rossii” jurnalının redaktoru E.Sizov, Dağıstan diasporunun nümayəndəsi professor K.Sultanov, şair İ.Bədəlbəyli, ictimai xadim R.Abutalıbov, Moskva “Satira” teatrının direktoru M.Hüseynov və başqaları xalqlarımızın mədəni və ictimai həyatında bu tədbirin rolunu vurğulamışlar.