SİYASƏT
Moskvada II Beynəlxalq Parlament Forumu keçirilir
![](/files/galleryphoto/2013/3/1200x630/14079268332105747328_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268336162218629_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268332469338847_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079268332529820552_1200x630.jpg)
Moskva, 15 noyabr (AZƏRTAC). Moskvada (Rusiya) II Beynəlxalq Parlament Forumu keçirilir. Forum Rusiya Federasiyası Konstitusiyasının 20 illiyinə həsr olunmuşdur.
Azərbaycanı forumda Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Forumun açılışında ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişdir.
Rusiya Dövlət Duması, Xarici İşlər Nazirliyi və Rusiya Tarix Cəmiyyəti tərəfindən təşkil olunmuş tədbirdə müxtəlif ölkələrin parlamentlərinin, beynəlxalq parlament təşkilatlarının üzvləri, ekspertlər və ictimai xadimlər iştirak edirlər. Forumun açılışında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon çıxış etmişlər. Rusiya Dövlət Duması deputatlarının çıxışlarında dünya ölkələri parlamentləri arasında konstruktiv dialoqun və parlament demokratiyası ənənələrinin inkişafının vacibliyi vurğulanmışdır. Forum öz işini “Parlament, demokratik dəyərlər və ictimai rəy”, “Siyasi və seçki sistemlərinin inkişafı: xarici təcrübə” və digər bölmələrdə davam etdirmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə “Parlamentarizm və liberal azadlıqlar. İdeyaların formalaşmasının qanunauyğunluqları və demokratik cəmiyyətin formalaşması perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Forum çərçivəsində “Gənclər, parlamentarizm və Avrasiya inteqrasiyası” mövzusunda Beynəlxalq gənclər konfransı keçirilmişdir. Ölkəmizi konfransda Rusiya Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Emin Hacıyev təmsil etmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva