MOSKVADA MİKAYIL ABDULLAYEVİN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Rusiya Rəssamlıq Akademiyasının prezidenti, məşhur heykəltəraş Zurab Sereteli açılış mərasimində çıxış edərək, yaradıcılığı bu gün də aktual olan görkəmli Azərbaycan rəssamının Rusiya paytaxtında fərdi sərgisinin təşkilindən məmnunluğunu söylədi.
Səfir Polad Bülbüloğlu həyatı Rusiya ilə sıx bağlı olmuş Mikayıl Abdullayevin əsərlərinin yenidən Moskvada nümayişinə görə Rusiya Rəssamlıq Akademiyasına, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. O dedi: “M.Abdullayev görkəmli rəssamlar Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovla birlikdə Azərbaycan rəngkarlıq məktəbinin əsasını qoymuş sənətçilərdən biridir. Onun adı həmişə əsil klassik sənət rəmzi olmuşdur. Bununla yanaşı, onun yaradıcılığı son dərəcə milliliyi, əsil Azərbaycan ruhu ilə seçilir. Rusiyada onu məhz buna görə sevirdilər”.
Rəssamın ailə üzvü S.Abdullayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi L.Axundzadə, Şərq Xalqları Muzeyinin prezidenti T.Taksa, dostları və sənət yoldaşları M.Abdullayevin xoşbəxt və çoxşaxəli yaradıcılıq taleyindən danışdılar. Bildirildi ki, SSRİ xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, bir sıra yüksək dövlət mükafatları ilə təltif olunan M.Abdullayev V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. Onun əsərləri Azərbaycan İncəsənət Muzeyində, habelə Moskvada Tretyakov qalereyasında, Şərq Xalqları Muzeyində və MDB ölkələrinin muzeylərində nümayiş etdirilir. M.Abdullayev Azərbaycan rəngkarlıq tarixinə istedadlı kolorist, öz yaradıcılığında klassik təsviri sənət məktəbinin ənənələrini və dekoratizmin zəngin ənənələrini ahəngdar şəkildə uyğunlaşdıran rəssam kimi daxil olmuşdur. O, “Kitabi Dədə Qorqud” dastanına, Füzulinin “Leyli və Məcnun” poemasına illüstrasiyaları və digər bənzərsiz əsərləri ilə də məşhurdur.
Sərginin açılış mərasiminin sonunda Zurab Sereteli Polad Bülbüloğluya Rusiya Rəssamlıq Akademiyasının “Layiqli” medalını təqdim etdi. Bu medal incəsənət xadimlərinə mədəniyyət və incəsənətin inkişafına böyük töhfələrinə görə verilir.