MOSKVADA QARA QARAYEVİN 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONSERT
Qara Qarayevin musiqisi təkcə Azərbaycan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin sərvətidir. Bəstəkar hələ sağlığında özünün yüksək novator sənəti ilə böyük şan-şöhrət qazanmışdı. Onun əsərləri dünyanın ən yaxşı dirijor və musiqiçilərinin konsert proqramlarını, bir çox musiqi teatrlarının repertuarlarını bəzəyir. Özgür bəstəkarlıq məktəbinin yaradıcısı, sovet musiqisinin klassiki, Dmitri Şostakoviçin tələbəsi Qara Qarayevin şəxsiyyəti, onun əbədiyaşar əsərləri – “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürləri və digər əsərləri Azərbaycan musiqisinin “qızıl fondu” olaraq, bütün dünyada yüksək dəyərləndirilir. Qara Qarayevin musiqisi bədii və sənədli filmlərdə də yaşayır. Onlardan biri də Roman Karmenin dünya ekranlarını gəzib dolaşmış “Xəzər neftçiləri haqqında dastan” sənədli filmidir.
Qarayev 64 illik ömründə o qədər nadir əsərlər yaratmışdır ki, onlar bir neçə bəstəkarın həyatı üçün kifayət edərdi. “Moskva payızı” XXV Beynəlxalq müasir musiqi festivalı çərçivəsində dahi Qarayevə həsr olunmuş konsert maestronun Prelüdləri ilə başlanmış, klassikin oğlu Fərəc Qarayevin əsəri ilə sona yetmişdir. Diqqətəlayiq haldır ki, Qara Qarayevin tələbələri milli musiqimizi və Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edirlər. Moskvadakı yubiley konserti bunu bir daha təsdiqlədi. Konsertdə Xəyyam Mirzəzadənin, Zaur Fərhadovun, İsmayıl Hacıbəyovun, Cəlal Abbasovun və başqa bəstəkarların da əsərləri səslənmişdir.
Rusiyanın xalq artisti İqor Dronovun rəhbərliyi ilə “Yeni musiqi” studiyası solistləri ansamblının iştirakı konserti daha da rövnəqləndirmişdir.
Yubiley konserti Rusiyanın “Menecment-sentr” şirkətinin maliyyə dəstəyi ilə, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının, “Moskva payızı” XXV Beynəlxalq müasir musiqi festivalının, Bakının “Yeni musiqi cəmiyyəti”nin köməyi ilə təşkil edilmişdir.