MOSKVADA TARİXÇİ TOFİQ İSLAMOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Ömür vəfa qılsaydı, bu il Tofiq İslamovun 79 yaşı tamam olacaqdı. Əslən bakılı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, tarix elmləri doktoru, professor, REA-nın Slavyanşünaslıq İnstitutunda 35 ildən çox çalışmış və Mərkəzi Avropanın Yeni tarixi şöbəsinə 20 il başçılıq etmiş T.İslamov ən yeni tarixə dair 200-dən çox elmi əsərin müəllifi, habelə bir çox dərsliklərin həmmüəllifidir.
T.İslamov sovet və Rusiya tarix elmində Macarıstanın və Avstriya imperiyasının tarixinin öyrənilməsinin əsasını qoymuşdur. Alimin elmi maraq dairəsinə Mərkəzi və Şərqi Avropada millətlərin yaranması tipologiyası problemləri, XVII-XIX əsrlərdə beynəlxalq münasibətlər tarixi, Avstriya-Macarıstan monarxiyasının siyasi tarixi daxil idi.
Alimin həmkarları, tələbələri və dostları çıxışlarında Rusiya oxucusunun yeni və ən yeni dövr Macarıstan və Avstriya tarixinin maraqlı məqamlarını məhz onun əsərləri vasitəsilə öyrəndiklərini diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, onun elmi axtarışlarını dərin və əsaslı təhlili, original və ölçülüb-biçilmiş mühakimələri, nəticələri, baxışlarının genişliyi və yeniliyi, habelə parlaq ədəbi üslubu fərqləndirirdi.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova həmvətənimizin xatirəsinə həsr olunmuş gecənin təşkilatçılarına diplomatik nümayəndəliyimiz adından təşəkkürünü bildirərək demişdir ki, həm doğma Azərbaycanda, həm ikinci vətəni sayılan Rusiyada, həm də Tofiq İslamovun bütün həyatı boyu tarixini öyrəndiyi Macarıstan və Avstriyada onunla haqlı olaraq fəxr edirlər.