M.SAAKAŞVİLİ: “ABŞ DÖVLƏT KATİBİNİN GÜRCÜSTANA SƏFƏRİ ÖLKƏMİZİN DEMOKRATİK İNKİŞAF KURSUNA DƏSTƏYİN NÜMUNƏSİDİR”
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Kondoliza Rays Avropaya dördgünlük səfəri çərçivəsində iyulun 9-da Tbilisiyə gəlmişdir. Səfər müddətində onun Gürcüstan rəhbərləri ilə görüşüb ölkənin münaqişə bölgələrində vəziyyət, Gürcüstan-NATO münasibətləri və s. məsələlər barədə fikir mübadiləsi aparacağı bildirilir.
İyulun 10-da Kondoliza Rays Prezident Mixeil Saakaşvili ilə görüşəcəkdir. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcəkdir. Həmin gün dövlət katibi Gürcüstanı tərk edəcəkdir.
Prezident Mixeil Saakaşvili ABŞ dövlət katibinin səfərini yüksək qiymətləndirmiş, bunun Gürcüstanın inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirmişdir. Prezident ABŞ dövlət katibinin bu səfərinin ölkənin demokratiya yolunda götürdüyü kursa dəstəyin nümunəsi olduğunu vurğulamışdır. Parlamentin sədri David Bakradze isə demişdir: “ABŞ dövlət katibinin Gürcüstana səfəri bir daha təsdiq edir ki, beynəlxalq birlik Abxaziyada vəziyyətin dəyişdirilməsinə, sülhməramlı əməliyyatlara necə ciddi münasibət bəsləyir. Bu səfər bir də ona görə əhəmiyyətlidir ki, ölkəmizə gələcəkdə daha çox Amerika sərmayəsinin daxil olmasına şərait yaradacaq, daha çox yardım olunacaqdır. NATO-ya inteqrasiya məsələsi də mühümdür və o da müzakirə ediləcəkdir. Rusiya ilə münasibətlərin yaxşılaşdırılması imkanlarına da diqqət yetiriləcək və təbii ki, başlıcası münaqişələrin nizama salınması üçün yaxın gələcəkdə nələri etmək lazım olduğunu ön plana çəkməkdir. Mən yaxın gələcəyi ona görə vurğulayıram ki, Abxaziyada Rusiyanın addım atmasına imkan yaradan çox pis dinamikanı tezliklə dəyişdirə bilək”.
Reinteqrasiya məsələləri üzrə dövlət naziri Temuri Yakobaşvili Kondoliza Raysın səfəri zamanı Gürcüstan-Amerika münasibətləri, ölkəsinin münaqişə bölgələrində vəziyyət məsələlərinin müzakirə olunacağını bildirmişdir.