MSK-NIN AVTOMATLAŞDIRILMIŞ SEÇKİLƏR İNFORMASİYA MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI
Avqustun 23-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avtomatlaşdırılmış seçkilər informasiya mərkəzində mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri və beynəlxalq müşahidəçilər qismində iştirak edən qurumların təmsilçiləri dəvət olunmuşdular.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Türkiyə, Rusiya, Qazaxıstan, Belarus və s. ölkələrdən gələn qonaqları salamladı, mətbuat konfransının iştirakçılarına Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərə dair referendumun hazırlanması və keçirilməsi üçün görülmüş işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, ümumxalq səsverməsini müşahidə etmək üçün MSK-da 64.274 nəfər akkreditasiyadan keçmişdir. Bunların 56 min nəfərdən çoxu siyasi partiyaların, 1000-dən çoxu qeyri-hökumət təşkilatlarının, 7000-dən çoxu idarə, müəssisə və təşkilatların nümayəndələridir. 27 qurumu təmsil edən 100-dən çox xarici müşahidəçi referendumun gedişini izləyəcəkdir. Onların arasında MDB Parlamentlərarası Assambleyasının, Ukrayna, Özbəkistan parlamentlərinin, Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus mərkəzi seçki komissiyalarının, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmaları Vəqfinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (AFES), Norveç Qaçqınlar Şurasının, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun, Türkiyə, ABŞ, Böyük Britaniya, Yaponiya, Norveç və Özbəkistanın Bakıdakı səfirliklərinin nümayəndələri vardır. Bundan əlavə, Anadolu ajansı, Röyter, Bi-Bi-Si, Frans Press, İTAR-TASS, Asoşieyted Press, “Fayinənşl tayms”, “Literaturnaya qazeta”, TRT, STV kimi kütləvi informasiya orqanlarının təmsilçiləri də səsverməni müşahidə edəcəklər.
MSK-nın sədri xüsusi olaraq vurğuladı ki, referendumun şəffaf, demokratik şəraitdə keçməsi, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etməsi, habelə müşahidəçilərin səsverməni izləməsi üçün hər cür şərait yaradılmışdır. Müşahidəçilər səsvermənin gedişində rastlaşdıqları hər hansı pozuntu haqqında iradlarını yazılı şəkildə MSK-ya təqdim edə bilərlər. Eyni zamanda, sədr bir daha xatırlatdı ki, müşahidəçilər səsvermə məntəqələrində yalnız öz səlahiyyətləri çərçivəsində hərəkət etməli, səsvermənin gedişinə müdaxilə etməməlidirlər.
Daha sonra MSK-nın sədri mətbuat konfransı iştirakçılarının çoxsaylı suallarına cavab verdi.
Xatırladaq ki, səhər saat 8-dən axşam saat 22-dək davam edəcək ümumxalq səsverməsinin gedişi MSK-nın Avtomatlaşdırılmış seçkilər informasiya mərkəzindən dövlət televiziyası və özəl telekanallar vasitəsilə birbaşa yayımlanacaqdır.