MÜDAFİƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Nəcməddin Sadıqov Müdafiə Nazirliyinin mətbuat xidmətinə bildirmişdir ki, bu günlərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-polkovnik M.Arutyunyan ona zəng edərək demişdir ki, bizim əsgərimiz Poqosyan sizdədir, onu bizə qaytarın. Mənim “bu məlumatı sizə kim verib” - sualımı o, belə çavablandırdı: “Yeni müsavat” qəzetinin 14 fevral tarixli sayında “Erməni kəşfiyyatçısı tutuldu” adlı məqalədə oxudum. Bu məqalə bizim əsgərin sizdə olması barədə məndə şübhə yeri qoymadı”...
Sonra erməni generalı əlavə etmişdir ki, biz sizin “Yeni Müsavat” və buna bənzər müxalifət qəzetlərinizdən Azərbaycan Silahlı Qüvvələrinə aid çox maraqlı materiallar əldə edirik.
General-leytenant Nəcməddin Sadıqov bu məsələ ilə bağlı öz hiddətini gizlətmədi və milli mənafenin bütün siyasi maraqlardan üstün olduğunu vurğuladı.
Müdafiə Nazirliyinin mətbuat xidməti öz növbəsində bütün kütləvi İnformasiya Vasitələri nümayəndələrini, xüsusilə ordu mövzusunda yazan müxbirləri material hazırlayarkən milli təhlükəsizliyimizə zərər vura biləcək məqamlara məsuliyyət və diqqətlə yanaşmağa çağırır.