Müəllim peşəsinin nüfuzunun yüksəldilməsi dövlətin əsas strateji hədəflərindən biridir
Bakı, 24 fevral, AZƏRTAC
Akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanması müəllim peşəsinin nüfuzunun yüksəldilməsini tələb edir. Çünki pedaqoji fəaliyyət dövründə peşəkarlıqla yanaşı, müəllim nüfuzunun da böyük rolu vardır. Müəllimin pedaqoji nüfuzu onun mənəvi statusudur. Müəllim peşəsinin nüfuzunun yüksəldilməsi dövlətin əsas strateji hədəflərindən biridir. Təhsilin dayanıqlı inkişafı, maddi kapitalın insan kapitalına çevrilməsi, millətin mənəvi potensialının formalaşması dərin və hərtərəfli biliyə, praktik bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə və müasir dünyagörüşə malik müəllimlərdən asılıdır. Bu səbəbdən də mütəmadi olaraq müəllimlərin əməyinin stimullaşdırılması həyata keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dövlət ümumi təhsil müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin, məktəb direktorlarının və müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin, eyni zamanda, dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar bunun bariz nümunəsidir. Qarabağda böyük quruculuq işlərinin aparıldığı bir dövrdə pedaqoji təhsil işçilərinin əməkhaqqının artırılması dövlətin təhsil işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirilməlidir.
Müəllimlərin əməyinin stimullaşdırılmasına hədəflənən bu sərəncamların dövlət ümumtəhsil və peşə məktəblərində çalışın pedaqoji heyətin qorunub saxlanılmasına, inkişafına səbəb olmaqla yanaşı, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacağı şübhə doğurmur.