“MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIQ” MÖVZUSUNA HƏSR EDİLMİŞ BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİR
Konfransdan əvvəl iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoymuşlar.
Təhsil Nazirliyinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Ədəbi Komparativ Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin ümumi iclasını universitetin rektoru, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamal Abdullayev açaraq qonaqları və iştirakçıları salamlamış və diqqətə çatdırmışdır ki, konfransda 13 xarici ölkədən - Rusiya, Türkiyə, ABŞ, Kanada, Braziliya, İran, Latviya, Litva, Polşa, Bolqarıstan, Gürcüstan və başqa dövlətlərdən 17 alim iştirak edirlər. Konfransa 91 müəllifin məruzəsi təqdim olunmuşdur.
BSU-nun jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Azərbaycan Ədəbi Komparativ Assosiasiyasının sədri, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva çıxış edərək bildirmişdir ki, artıq məruzələrin tezisləri və onların internet versiyaları hazırdır. Sonda bütün materiallar kitab halında nəşr olunacaqdır.
Ümumi iclasda Azərbaycanın təhsil naziri Misir Mərdanov, Türkiyənin Boğaziçi Universitetinin professoru Suat Karantay, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Rus-REN mərkəzinin baş direktoru Aleksandr Tkaçenko, ABŞ-dan Geri Anderson, Polşadan Anna Kuliqovskaya-Korzeniyevskaya, Gürcüstandan David Qotseridze və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, onun işinə uğurlar arzulamışlar.
Fasilədən sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
Noyabrın 25-də elmi konfrans işini davam etdirəcəkdir.