SİYASƏT
Müşfiqabad və Masazır qəsəbələrində məcburi köçkünlərin yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə köçürülməsi prosesi başa çatdırılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və bu Proqrama edilmiş Əlavələrə əsasən daha ağır şəraitdə yaşayan ailələrin vəziyyəti nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
məcburi köçkünlər tərəfindən mənzil problemi ilə əlaqədar olaraq müxtəlif dövlət və hökumət orqanlarına, eləcə də Komitəyə edilmiş çoxsaylı müraciətlə bağlı bildirir ki, 2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmişdir. Bundan başqa, 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometrlik yol, 644 kilometrlik su, 1059 kilometrlik hava elektrik, 310 kilometrlik qaz, 75,5 kilometrlik kanalizasiya, 20 kilometrlik istilik xətləri çəkilmiş, müxtəlif gücə malik 581 elektrik transformatoru quraşdırılmışdır.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailənin - 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Dövlətqaçqınkomun mətbuat xidməti olaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, Qaradağ rayonunun Müşfiqabad, Abşeron rayonunun Masazır qəsəbələrində məcburi köçkünlər üçün salınmış yeni hündürmərtəbəli yaşayış binaları kompleksinə Bakı şəhəri ərazisində ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi prosesi başa çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Dövlətqaçqınkom tərəfindən müvafiq tədbirlər görülür. Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində ilkin mərhələdə 8000 ailənin məskunlaşdırılması üçün 2014-cü ildə həmin ərazidə layihələndirmə işlərinə başlanılacaqdır. 2015-ci ildə yaşayış kompleksinin mühəndis hazırlıq işləri, su, işıq, qaz, istilik sistemi və s. daxil olmaqla texniki infrastrukturunun qurulması, 2016-cı ildə isə mənzillərin tikintisinin başa çatdırılaraq məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılacaqdır.
Qaçqınkom bir daha məcburi köçkünlərin diqqətinə çatdırır ki, onların problemlərinin həlli dövlətin və Komitənin gündəlik nəzarətindədir və bu sahədə işlər mərhələli şəkildə həyata keçirilir.